Bu gün bəşəriyyətin yəhudi əsilli dialektik-materialist filosofu, kommunizm və sosializm ideyalarının banisi Karl Marksın doğum günüdür.

K. Marksın iki əsəri – "Kommunist Partiyasının Manifesti" (1848) və "Kapital" (Das Kapital, 1867) əsərləri fəlsəfə və iqtisadiyyatın, həmçinin sosializm və kommunizm nəzəriyyəsinin həm siyasi, həm ideoloji, həm də iqtisadi əsasını təşkil edir.

Onun ərsəyə gətirdiyi marksizm təlimi zaman-zaman dialektik materializm təliminin nümayəndələri, ingilis marksist Eric Hobsbawm, görkəmli italyan marksist Antonio Qramşi və rus marksist Vladimir Lenin tərəfindən tənqidi yanaşma əsasında, yaradırcasına inkişaf etdirilmişdir. Onsuz da marksizm təlimi ehkamca yanaşıldıqda yanlış təlim kimi başa düşülə bilər. Marksizm hər daim dəyişən, dəyişməyə məhkum, inkişaf etdirilən, bəzən tənqid edilən təlimdir.

Marksın "Kapital" əsəri isə Çar Rusiyasında mövcud olan güclü senzuraya baxmayaraq, ağır elmi-fəlsəfi xarakterli əsər olduğuna görə senzuraya məruz qalmır və 1872-ci ildə rus dilinə tərcümə edilərək çap olunur. Əsər Rusiyada Almaniyadan daha çox satılır və çox insan tərəfindən də mütaliə edilir. Mütaliə zamanı əsərlə bağlı tənqidi yazılar da dərc olunur. Nəticədə 1917-ci ildə Rusiyada sosialist inqilabını gerçəkləşdirəcək inqilabçı qvardiya formalaşır.

Karl Marksın həm "Kommunist Partiyasının Manifesti", həm də "Kapital" əsərləri dialektik materializm təlimi əsasında incələnməli, təhlil edilməli, inkişaf etdirilməli və XXI əsrin 26-cı ilinin reallığına uyğunlaşdırılmalı əsərlərdir. 2026-cı ildə dünyada baş verən sosial-iqtisadi münasibətlərə XIX əsrdə yazılmış Kapital əsəri əsasında qiymət vermək doğru deyil. Hər bir dövrün öz reallığı, ictimai-iqtisadi şəraiti var. Onsuz da marksizm təlimi bizdən sözü keçən əsərlərə tənqidi yanaşmağı və inkişaf etdirərək zamanın reallığına uyğunlaşdırmağı tələb edir.

Yeri gəlmişkən Karl Marksın 1843-cü ildə yazdığı “Yəhudi məsələsi” məqaləsi xüsusilə maraqlıdır. Mənşəcə yəhudi olan K. Marks məqalədə yəhudiləri Avropadakı kapitalist cəmiyyətinin simvolu kimi təqdim edir. Yəni “yəhudi” obrazı onun məqaləsində maddi maraqların, pul və kapitalın insan davranışını necə formalaşdırdığını göstərmək üçün bir nümunədir.

Əli Novruzov (tarixçi)