Mayın 6-da BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib.
Postxronika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Sərgi Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-nin Cenevrədəki daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Açılış mərasimi Millətlər Sarayı kompleksinin rəmzi məkanlarından biri olan Salle des Pas Perdus zalında keçirilib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Qalib İsrafilov çıxışında bildirib ki, bu layihə incəsənət vasitəsilə insan və təbiət arasındakı əlaqəni əks etdirir və ekoloji problemlərə diqqət çəkir. Layihənin ideya müəllifi Leyla Əliyevaya təşəkkür edilib.
Tatyana Valovaya çıxışında sərginin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu təşəbbüs insan, təbiət və bəşəriyyətin vəhdətini nümayiş etdirir. O, həmçinin Antonio Quterreşin prioritetləri sırasında ətraf mühitin qorunmasının mühüm yer tutduğunu qeyd edib.
Layihə ilk dəfə 2024-cü ildə Bakıda, Heydər Əliyev Mərkəzində təqdim olunub və daha sonra müxtəlif şəhərlərdə nümayiş etdirilərək beynəlxalq platformaya çevrilib. Bu müddətdə 28 ölkədən 50-dən çox rəssam layihədə iştirak edib.
Beləliklə, MAMA “Ana təbiət” sərgisi Cenevrədə incəsənət, diplomatiya və ekoloji düşüncəni bir araya gətirən mühüm beynəlxalq tədbir kimi qiymətləndirilir.