İtaliyanın Milan şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə “Avropa Universitetləri Sammiti” işinə başlayıb.
Postxronika.az xəbər verir ki, tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova iştirak edib.
Agentlik rəhbəri sammit çərçivəsində keçirilən “Məzunların məşğulluğuna yeni baxış” adlı panel sessiyasında məruzə ilə çıxış edib. Ülkər Səttarova Azərbaycanda ali təhsil sahəsində tətbiq olunan yeniliklər, o cümlədən universitetlərin SABAH qruplarında sahibkarlıq modulunun tədrisi və icra edilən pilot layihələr barədə məlumat verib. O, həmçinin Yüksək Texnologiyalar Parkında yaradılması nəzərdə tutulan texnoloji transfer mərkəzləri və innovasiya ekosisteminin inkişafı istiqamətindəki planları diqqətə çatdırıb.
Sessiyada ali təhsildə məşğulluq anlayışının müasir standartlara uyğunlaşdırılması, tədris proqramlarının əmək bazarının tələbləri əsasında yenilənməsi və işəgötürənlərlə effektiv əməkdaşlıq mexanizmləri əsas müzakirə mövzusu olub.
Müzakirələrdə Macarıstanın Obuda Universitetinin rektoru Levente Kovaç və İtaliyanın Bokkoni Universitetinin dekanı Karlo Salvato da iştirak edərək öz ölkələrinin təcrübələrini bölüşüblər.