Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəqliyyat və kommunikasiya sahəsində idarəetmə sisteminin optimallaşdırılması və institusional islahatların dərinləşdirilməsi məqsədilə yeni Fərman imzalayıb.
Postxronika.az xəbər verir ki, dövlət başçısının qərarı ilə "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) idarəetməsinə verilmiş bir sıra dövlət müəssisələrinin və publik hüquqi şəxslərin statusu ilə bağlı əvvəlki hüquqi aktlarda ciddi dəyişikliklər edilib. Fərmana əsasən, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti və "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsi, habelə bu qurumların Müşahidə Şuralarının tərkibinin təsdiq edilməsi haqqında 2014-cü və 2021-ci illərdə verilmiş müvafiq sərəncamların əsas hissələri ləğv olunub.
Bu hüquqi tənzimləmə ölkədə nəqliyyat infrastrukturunun vahid mərkəzdən daha çevik idarə olunmasına və dövlət şirkətlərinin səmərəliliyinin artırılmasına xidmət edir.
Eyni zamanda, AZCON-un tabeliyində olan müəssisələrin siyahısında edilən düzəlişlər, holdinqin struktur daxilindəki nəzarət mexanizmlərinin yenidən formalaşdırılmasını nəzərdə tutur. Sözügedən dəyişikliklərdən irəli gələn digər texniki və hüquqi məsələlərin həlli isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.