Rejissor Tomas Napperin "The Man Who Stole Portugal" adlı yeni komediya-heyst filminin çəkilişlərinə start verilib. Baş rollarını Ceyms Nelson-Coys və Emili Feyrnın canlandırdığı ekran əsərində Riçard Qrant və Dominik Vest kimi tanınmış ulduzlar da yer alıb.
Postxronika.az xəbər verir ki, süjet xətti Marrey Teyq Blumun sənədli-xroniki əsəri əsasında hazırlanıb və 1925-ci ildə Portuqaliya Bankına qarşı törədilmiş tarixin ən böyük fırıldaqlarından birini işıqlandırır. Hekayənin mərkəzində ailəsi üçün daha yaxşı gələcək qurmağa çalışan zəkalı fırıldaqçı Alves dos Reisin macəraları dayanır. Filmin çəkilişləri hazırda Böyük Britaniya, Portuqaliya və Cənubi Afrika Respublikasında aparılır. "Beta Cinema" şirkəti layihəni Kann kinofestivalı çərçivəsində beynəlxalq tərəfdaşlara təqdim etməyə hazırlaşır.
Rejissor Tomas Napper qeyd edib ki, ekran işi müasir dövrdə sistemə daxil olmaq istəyən insanların mübarizəsini əks etdirdiyi üçün olduqca aktualdır. Kinolent 1920-ci illərin Lissabonunun siyasi mühitindən Londonun elit mətbəələrinə qədər geniş coğrafiyanı əhatə edən vizual səyahətdir. "EMU Films" tərəfindən ərsəyə gətirilən bu layihə fırıldaqçılığın necə böyük bir dövlət böhranına çevrilməsini həm dramatik, həm də yumoristik dildə təqdim edir. Beləliklə, tamaşaçılar tarixin ən böyük mənimsəmə hadisələrindən birini fərqli rakursdan izləmək imkanı qazanacaqlar.