Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızdan biri, Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür.
Postxronika.az xatırladır ki, 1973-cü il mayın 8-də anadan olan qəhrəman komandirin həyat və döyüş yolu hər bir azərbaycanlı üçün rəşadət nümunəsidir.
Zabit şərəfi və hərbi karyera
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunu olan İ.Mirzəyev, xidmət müddətində nizam-intizamı və peşəkarlığı ilə fərqlənib. O, hərbi xidməti dövründə mayor rütbəsindən polkovnikliyə qədər yüksəlib, Silahlı Qüvvələrin Hərbi Akademiyasını uğurla bitirərək biliklərini təkmilləşdirib.
Döyüş meydanındakı şücaəti
Polkovnik İlqar Mirzəyev Azərbaycan hərb tarixinə mühüm qələbələrin iştirakçısı kimi düşüb:
2016-cı ilin Aprel döyüşlərində keçilməz hesab olunan "Ohanyan səddi"nin yarılmasında və Talış yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib.
2020-ci ilin iyulunda Ermənistanın Tovuz istiqamətində törətdiyi sərhəd təxribatının qarşısının alınmasında ən ön cəbhədə vuruşub.
Şəhadət və əbədi ehtiram
İlqar Mirzəyev 2020-ci il iyulun 14-də general-mayor Polad Həşimovla birlikdə ön xətdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamı ilə polkovnikə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Qəhrəmanımız paytaxtın II Fəxri xiyabanında dəfn olunub. Ondan xalqımıza Elvin adlı oğlu və Gülnarə adlı qızı yadigar qalıb.
Ruhun şad olsun, cənab Polkovnik!