Rusiya tərəfi Ukrayna Prezidenti Vladimir Zelenskinin Qələbə paradı ilə bağlı hədələrinə reaksiya verib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova beynəlxalq birliyi vəziyyətin ciddiliyini anlamağa çağırıb.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, mayın 8-dən 11-nə qədər davam edən atəşkəs rejiminə baxmayaraq, bayram tədbirlərinə hər hansı müdaxilə cəhdi bağışlanmayacaq. Nazirliyin xəbərdarlığında deyilir ki, əgər Kiyev rejimi mayın 9-da Moskvaya dron hücumu və ya digər təxribat törədərsə, Rusiya ordusu Kiyevin mərkəzi qərarvermə məntəqələrinə kütləvi və sarsıdıcı cavab zərbələri endirəcək.
Mariya Zaxarova qeyd edib ki, bu, sadəcə siyasi bəyanat deyil, real hərbi xəbərdarlıqdır: "Zelenskinin hədələri terror aktı niyyəti kimi qiymətləndirilir. Biz bütün beynəlxalq təşkilatları və dövlətləri bu vəziyyətin qarşısını almaq üçün konkret addımlar atmağa çağırırıq".
Rusiya rəsmisi həmçinin əlavə edib ki, kollektiv Qərb Zelenskinin ekstremist ritorikasına göz yummaqla regionda gərginliyi daha da artırır. Hazırda Moskvada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.