İraqlı professor Mutəz Muhy Əbdülhəmidin qələmə aldığı “Şuşa – Azərbaycanın incisi” əsəri İraqda səyahət ədəbiyyatı üzrə Naci Cavad əl-Saati mükafatına layiq görülüb.

Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə nəşr olunan kitab ciddi akademik və ədəbi qiymətləndirmədən sonra bu uğuru qazanıb. İki fəsildən ibarət olan nəşrdə Qarabağ xanlığının paytaxtı Şuşanın qədim tarixi, 44 günlük Vətən müharibəsi və bölgənin mədəni irsi ətraflı işıqlandırılıb. Müəllif tarixi faktlara və Avropa şərqşünaslarının rəylərinə istinad edərək, şəhərin qədim Azərbaycan torpağı olduğunu elmi əsaslarla sübuta yetirib.

Kitabda həmçinin Şuşanın İslam dünyası üçün unikal mədəniyyət nümunəsi olduğu vurğulanır, oradakı memarlıq abidələri, məscidlər və görkəmli şəxsiyyətlər barədə geniş məlumat verilir. Professor Əbdülhəmid Vətən müharibəsinin siyasi səbəblərinə toxunaraq, Prezident İlham Əliyevin çıxışlarından və BMT qətnamələrindən mühüm sitatlar gətirib. Mükafatın on altıncı buraxılışında qazanılan bu qələbə Şuşanın beynəlxalq səviyyədə təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda Bağdad Mədəniyyət Mərkəzi tərəfindən kitabın geniş oxucu kütləsinə təqdimatı istiqamətində işlər aparılır.