Atlantik okeanında səyahət edən "Caribbean Princess" kruiz gəmisində mədə-bağırsaq infeksiyası olan norovirusun kütləvi yayılması qeydə alınıb.

Postxronika.az ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına istinadən xəbər verir ki, mayın 7-də aşkar olunan hadisə nəticəsində gəmidəki 3100-dən çox sərnişin və heyət üzvündən 115 nəfərində qusma və ishal kimi simptomlar müşahidə edilib. Vəziyyətlə əlaqədar gəmi administrasiyası dərhal sanitar-epidemioloji tədbirlərə başlayıb; yoluxan şəxslər təcrid olunub, laboratoriya analizləri üçün nümunələr toplanıb və ərazidə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

​Qurumdan bildirilib ki, gəmi təyinat limanına çatdıqdan sonra növbəti səfərindən əvvəl tam dezinfeksiya prosesindən keçəcək.

Qeyd edək ki, norovirus dünyada geniş yayılmış, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə kəskin qastroenteritə səbəb olan yoluxucu bir infeksiyadır. Statistik məlumatlara görə, yetkin insanların 50-70%-də bu virusa qarşı antikorlar mövcuddur ki, bu da xəstəliyin qlobal miqyasda nə qədər geniş yayıldığının göstəricisidir.