Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunan “Şərqin qapısı” teatr festivalı böyük maraqla davam edir.
Postxronika.az xəbər verir ki, festivalın ikinci günündə S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı klassik Azərbaycan dramaturgiyasının incilərindən birini tamaşaçılara təqdim edib.
Belə ki, teatrın yaradıcı heyəti böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan, alim-botanik və dərviş Məstəli şah, məşhur sehrbaz” əsərinə müraciət edib. Quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski olan tamaşa müasir səhnə həlli və peşəkar aktyor oyunu ilə festival iştirakçılarının rəğbətini qazanıb.
Tamaşada əsas rolları xalq artistləri Mabud Məhərrəmov (Müsyö Jordan), Fuad Osmanov (Məstəli şah), Səfa Mirzəqasımov (Hatəmxan ağa), Natalya Şarovskaya (Şəhrəbanu xanım), əməkdar artistlər Həcər Ağayeva (Şərəfnisə xanım), Tamilla Abutalıbova (Gülçöhrə), Murad Məmmədov (Şahbaz bəy), İnna İmranova (Xanpəri), Salman Bayramov (Qulaməli), həmçinin aktyorlar Rüfət Əliyev, Rəşad Əliyerov, Tamerlan Abdullayev, Fərid Hüseynov, Zaur Terequlov, Ramil Əliyev, Sabina Məmmədova-Qasımzadə, Olesya Qasımova, Gövhər Şahbanova, Dilyarə Nazarova və Səma Vəliyeva ifa ediblər.
Qeyd edək ki, klassik dramaturgiyanın müasir səhnə həlli ilə təqdim olunduğu tamaşa festival proqramına xüsusi rəng qataraq tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.