Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarının Qızılqaya silsiləsində yerləşən və dahi rəhbərin adını daşıyan zirvəyə ənənəvi yürüş təşkil edilib.

Postxronika.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Alpinizm Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri və peşəkar alpinistlər iştirak ediblər. Quba rayonunun Xınalıq kəndi istiqamətindən başlayan ekspedisiya üzvləri dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən hədəfə uğurla çatıblar.

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları çətin relyef şəraitində irəliləyərək zirvədə Azərbaycanın dövlət bayrağını dalğalandırıblar. Yürüşün əsas qayəsi dahi şəxsiyyətin əziz xatirəsini uca tutmaq, eyni zamanda ölkədə dağçılıq idmanını və sağlam həyat tərzini geniş təbliğ etməkdir.