Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilib.
Postxronika.az Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə istinadən xəbər verir ki, Agentlik rəhbərliyi və şəxsi heyət əvvəlcə dahi rəhbərin büstü önünə əklil qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirin rəsmi hissəsində çıxış edənlər Ulu Öndərin dövlətçilik ənənələrinin formalaşdırılması, ordu quruculuğu və iqtisadi inkişaf sahəsindəki misilsiz xidmətlərindən geniş bəhs ediblər. Xüsusilə vurğulanıb ki, təməli Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası və qlobal layihələr Azərbaycanın bugünkü qüdrətinin əsas sütunlarını təşkil edir. İştirakçılar həmçinin dahi şəxsiyyətin zəngin siyasi fəaliyyətini əks etdirən xüsusi stendlərlə tanış olub, mövzu ətrafında məruzələri dinləyiblər. Sonda Ümummilli Liderin ömür yolundan bəhs edən “İz” sənədli filmi nümayiş etdirilib.