Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində təntənəli anım mərasimi keçirilib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər. Ziyarətçilər dahi şəxsiyyətin uca abidəsi önündə ehtiram nümayiş etdirdikdən sonra Heydər Əliyev Muzeyinə yollanıblar. Muzeydəki dəyərli eksponatlarla tanışlıq zamanı Ulu Öndərin zəngin dövlətçilik fəaliyyəti və həyatının Naxçıvan dövrü barədə ətraflı məlumat verilib. Muzey materialları bir daha dahi rəhbərin xalqımız qarşısındakı misilsiz xidmətlərini və onun müasir Azərbaycanın qurulmasındakı rolunu canlandırıb. Tədbir iştirakçıları Heydər Əliyev irsinin gənc nəsillər üçün əsl örnək olduğunu xüsusi vurğulayıblar.