Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Zirvələrin əzəməti” mövzusunda beynəlxalq elmi-praktik tədbir təşkil edilib.

Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə dosent Nigar Bağırovanın fərdi yaradıcılıq sərgisi və dahi rəhbərin həyatından bəhs edən videoçarx nümayiş olunub. Filialın direktoru, professor Yusif Alıyev çıxışında Ulu Öndərin müasir dövlətçiliyimizin və milli ideologiyamızın memarı olduğunu, onun strateji hədəflərinin bu gün Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində öz təzahürünü tapdığını bildirib. Konfransda iştirak edən Özbəkistanın aparıcı universitetlərinin professor və dosentləri Heydər Əliyevin Türk dünyasının birliyi istiqamətindəki tarixi xidmətlərini xüsusi vurğulayıblar. Quba rayon rəsmiləri və tanınmış elm xadimləri dahi liderin mədəniyyət, tarix və dövlətçilik sahəsindəki misilsiz töhfələri barədə geniş məruzələrlə çıxış ediblər. Sonda Ümummilli Liderin irsinin təbliğində fərqlənən bir qrup ziyalıya fəxri fərmanlar təqdim olunub.