Azərbaycanda ilk dəfə keçirilən “Bakı–Xankəndi” çoxgünlük velosiped yürüşünün birinci mərhələsinə start verilib.

Postxronika.az xəbər verir ki, “Sea Breeze” istirahət mərkəzindən başlayan 158,7 kilometrlik ilk mərhələ Bakının görməli yerlərindən keçərək Sumqayıt şəhərində yekunlaşıb. Gərgin mübarizənin sonunda Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini birinci keçərək mərhələnin qalibi olub. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqviminə daxil olan bu mötəbər yarışda 20 ölkədən 24 komanda çempionluq uğrunda yarışır. Ümumi mükafat fondu 50 000 avrodan çox olan turnir 5 mərhələdən ibarətdir və idmançılar mayın 14-də Xankəndi şəhərinə çatacaqlar. Bu irimiqyaslı layihə həm ölkədə velosiped idmanının populyarlaşmasına, həm də işğaldan azad olunmuş ərazilərin beynəlxalq idman xəritəsində təbliğinə xidmət edir.