Olimpiya çempionu Zemfira Meftahətdinova Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkə idmanının inkişaf yoluna nəzər salıb.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti dahi rəhbərin hakimiyyətə qayıdışından sonra idmançılar üçün yaradılan hərtərəfli şəraitin böyük qələbələrə yol açdığını bildirib. O, 1995-ci ildə Ulu Öndərlə ilk görüşünü xatırladaraq, medalların şəxsən dövlət başçısı tərəfindən təqdim edilməsinin hər bir idmançı üçün unudulmaz şərəf olduğunu vurğulayıb. Çempionun sözlərinə görə, Heydər Əliyevin göstərişi ilə 2003-cü ildə istifadəyə verilən atıcılıq kompleksi məhz idmana göstərilən xüsusi qayğının bariz nümunəsidir. Vurğulanıb ki, 1996-cı ildən başlayaraq Olimpiya Oyunlarında medalların sayının mütəmadi artması dahi liderin əsasını qoyduğu strateji kursun nəticəsidir. Zemfira Meftahətdinova əlavə edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı dünyanın qabaqcıl idman ölkələrindən birinə çevirib.