ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin həlli ilə bağlı Vaşinqtonun təkliflərinə verdiyi rəsmi cavabı "tamamilə qəbulolunmaz" adlandırıb.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə "Truth Social" platformasında paylaşım edərək İranın şərtlərini bəyənmədiyini kəskin şəkildə ifadə edib. Tramp həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını və tərəflərin Tehranın mövqeyini müzakirə etdiyini təsdiqləyib. Hazırda ABŞ liderinin danışıqları tamamilə dayandırıb hərbi gücə əl atacağı, yoxsa diplomatik təzyiqləri davam etdirəcəyi qeyri-müəyyən olaraq qalır.
"The Wall Street Journal"ın məlumatına görə, rəsmi Tehran Vaşinqtonun israr etdiyi nüvə obyektlərinin sökülməsi tələbini qəti şəkildə rədd edib. İran uranın zənginləşdirilməsini dayandırmağa müəyyən şərtlərlə razı olsa da, ABŞ-nin tələb etdiyi 20 illik müddəti qəbul etmir.
Eyni zamanda, İran tərəfi zənginləşdirilmiş yanacaq ehtiyatlarının bir hissəsini üçüncü tərəfə ötürməyi təklif edir, lakin bir şərtlə ki, razılaşma pozulacağı təqdirdə həmin ehtiyatlar geri qaytarılsın.