Türkiyədə təşkil olunan Azərbaycan Kino Günləri çərçivəsində Bursa Mudanya Universitetində “Zəfər Rəqsi” və “Oriondan Sevgilərlə” qısametrajlı filmləri təqdim edilib.
Postxronika.az Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, rəsmi şəxslər və çoxsaylı incəsənət xadimləri iştirak ediblər. Çıxış edən natiqlər bu cür mədəni layihələrin iki qardaş ölkə arasındakı mənəvi bağları daha da möhkəmləndirdiyini və ortaq dəyərləri təbliğ etdiyini vurğulayıblar. Xüsusilə Qarabağ Zəfərinin beşilliyinə həsr olunan elmi-fantastik dram janrlı ekran əsərləri tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Ekran işləri Azərbaycan kinosunun müasir janr müxtəlifliyini və texniki inkişafını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, sözügedən filmlər Bursadan əvvəl İzmirin müxtəlif ali təhsil ocaqlarında da uğurla nümayiş etdirilib.