Rumıniyanın “G4Media” nəşrində dərc olunan təhlildə Donald Trampın İrana qarşı sərt strategiyasının qlobal enerji təhlükəsizliyinə və ticarət yollarına ciddi təsiri araşdırılıb.
Postxronika.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, Vaşinqton və Tehran arasındakı gərginlik fonunda Hörmüz boğazında artan risklər Avropanı alternativ marşrutlar axtarmağa sövq edir. Bu vəziyyət Xəzər regionunun və xüsusilə Azərbaycanın strateji əhəmiyyətini beynəlxalq müstəvidə daha da yüksəldir. Məqalədə vurğulanır ki, Cənub Qaz Dəhlizi və Orta Dəhliz layihələri Avropanın enerji asılılığını azaltmaq üçün ən etibarlı vasitələrdən birinə çevrilib. Rəsmi Bakı artıq sadəcə enerji ixracatçısı deyil, həm də Asiya ilə Avropa arasında mühüm logistik qovşaq kimi qəbul edilir. Ekspertlərin fikrincə, Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Cənubi Qafqazın qlobal təhlükəsizlik strategiyasındakı payı yaxın illərdə daha da böyüyəcək.