"Bakı–Xankəndi" beynəlxalq velosiped yürüşünün ikinci mərhələsində finiş xəttini birinci keçən Yevgeni Fyodorov təəssüratlarını bölüşüb.
Postxronika.az xəbər verir ki, Qazaxıstanın "XTS Astana" klubunun üzvü 193,3 kilometrlik məsafəni hamıdan tez qət etdiyi üçün böyük sevinc hissi keçirdiyini bildirib. Qalib idmançı komandanın əsas hədəfinin liderliyi ələ keçirmək olduğunu və dik yoxuşlardan ibarət çətin relyefə baxmayaraq, buna nail olduqlarını vurğulayıb. O, növbəti mərhələlərdə də üstünlüyünü qoruyaraq liderlik köynəyini saxlayacağına ümid etdiyini qeyd edib. Xatırladaq ki, beynəlxalq kateqoriyalı bu yarışda dünyanın 20 ölkəsindən olan 24 peşəkar komanda 50 min avroluq mükafat fondu uğrunda mübarizə aparır. Ümumi qalibin adına mayın 14-də baş tutacaq final mərhələsindən sonra aydınlıq gələcək.