Rusiyanın TASS informasiya agentliyi qonşu ölkələrdəki taksi xidmətlərinin icmalını hazırlayarkən Bakıdakı nəqliyyat infrastrukturuna geniş yer ayırıb.
Postxronika.az TAAS agentliyinə istinadən xəbər verir ki, təhlildə paytaxtın taksi parkındakı əsaslı dəyişikliklər, xidmət qiymətləri və texnoloji yeniliklər xüsusi vurğulanıb. Məqalədə şəhər sakinləri arasında "badımcan taksiləri" kimi tanınan parlaq bənövşəyi "London taksiləri"nin rəsmi xidmət növü kimi populyarlığı qeyd olunub. Agentlik həmçinin Bakı yollarında yapon hibridlərinin yerini sürətlə Çin istehsalı olan müasir avtomobillərin almasını taksi parkının yenilənməsinin göstəricisi kimi qiymətləndirib. Ümumdünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində tətbiq edilən NFC təmassız ödəniş sistemləri və xarici kartların keçərli olması da beynəlxalq standartlara keçid kimi təqdim edilib. Sürücü heyətinin linqvistik vərdişlərinə toxunan agentlik paytaxtda rus və ingilis dillərində danışan, həmçinin sükan arxasında əyləşən qadın sürücülərin sayının artmasını müsbət hal kimi qeyd edib.