İranda dövlət əhəmiyyətli məxfi məlumatları xarici kəşfiyyat orqanlarına ötürməkdə ittiham olunan alim barəsində çıxarılan ölüm hökmü icra edilib.

Postxronika.az Rusiya mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) alim İrfan Şakurzadənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrailin "Mossad" xidməti ilə əməkdaşlıq etdiyini bəyan edib.

İstintaq materiallarına görə, Şakurzadə İranın strateji peyk layihələrindən birində çalışarkən elektron poçt vasitəsilə xarici xüsusi xidmət orqanları ilə əlaqə yaradıb. O, öz iş yeri, xidməti vəzifələri, həyata keçirilən layihələrin detalları və hətta ailə üzvləri haqqında məlumatları qarşı tərəfə ötürməkdə günahlandırılıb. SEPAH-ın mətbuat xidməti bildirib ki, alim "Mossad"ın xüsusi əməkdaşlıq formalarını dolduraraq gizli fəaliyyətə cəlb olunub. Casusluq və dövlətə xəyanət ittihamları ilə mühakimə olunan alimin asılaraq edam edildiyi rəsmən təsdiqlənib.