Dünya kinosunun parlaq ulduzlarından Anya Teylor-Coy "Apple TV+" platformasının yeni kriminal dramı "Lucky" ilə ekranlara qayıdır. Marissa Steplinin eyniadlı romanı əsasında çəkilən ekran əsəri yay mövsümünün ən iddialı layihələrindən biri hesab olunur.
Postxronika.az xəbər verir ki, yeddi bölümlük miniserialın premyerası iyulun 15-də baş tutacaq. Ekran işində azadlığını qazanmaq üçün sonuncu dəfə qaranlıq keçmişi ilə üzləşən islah olunmuş bir cinayətkarın hekayəsindən bəhs edilir. Layihədə ulduz aktrisa ilə yanaşı Timoti Olifant və Vilyam Fixtner kimi tanınmış simalar da rol alıblar. Ssenari üzərində Hillari Bettis və Conatan Tropper kimi peşəkar qələm ustaları işləyiblər.
"The Gorge" filminin böyük uğurundan sonra bu serialın platformanın ən populyar işinə çevriləcəyi gözlənilir. İlk iki seriyası eyni gündə təqdim ediləcək triller avqustun 19-da mövsüm finalı ilə yekunlaşacaq. Aktrisanın dramatik performansı və gərgin süjet xətti artıq indidən kino tənqidçilərinin böyük marağına səbəb olub.