Niderlandda Radboud Universiteti Tibb Mərkəzinin 12 əməkdaşı hantavirusa yoluxmuş xəstə ilə təmas zamanı təhlükəsizlik qaydalarını pozduqları üçün altı həftəlik karantinə yerləşdirilib.
Postxronika.az Hart van Nederland portalının yaydığı məlumata istinadən xəbər verir ki, Nijmegen şəhərində yerləşən xəstəxana rəhbərliyi müalicə prosesində mövcud protokollara tam əməl olunmadığını etiraf edib.
Məlumata görə, xəstədən test üçün götürülən qan nümunələri virusun risk dərəcəsinə uyğun gələn sərt prosedurlarla emal edilməyib və biomaterialların utilizasiyası beynəlxalq qaydalara zidd şəkildə həyata keçirilib.
Xəstəxananın direktorlar şurasının sədri Bertine Lahuis yoluxma riskinin aşağı olduğunu bildirsə də, hadisənin universitet tibb mərkəzində baş verməsindən təəssüf duyduqlarını qeyd edib. Xatırladaq ki, hantavirus gəmiricilərdən insanlara keçən və ciddi fəsadlar törədə bilən yoluxucu xəstəlikdir.