“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə xeyriyyə xarakterli qanvermə aksiyası təşkil edilib.
Postxronika.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, Respublika Qan Bankı ilə birgə reallaşan bu təşəbbüsdə qurumun müxtəlif struktur bölmələrində çalışan çoxsaylı əməkdaşlar könüllü iştirak ediblər. Aksiya çərçivəsində toplanan qan ehtiyatı talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərin, eləcə də təcili qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. Həkimlər tərəfindən əvvəlcədən müayinə edilən dəmiryolçuların bu fəallığı sosial məsuliyyət baxımından yüksək qiymətləndirilib. Bu cür humanitar tədbirlər həm xəstə uşaqların sağlamlığının qorunmasına, həm də cəmiyyətdə həmrəylik hissinin güclənməsinə mühüm töhfə verir. Xatırladaq ki, ADY bu qəbildən olan xeyriyyə aksiyalarını hər il ənənəvi olaraq davam etdirir.