Türkiyədə keçirilən genişmiqyaslı “EFES - 2026” çoxmillətli təlimində Azərbaycan Ordusunun hərbi qulluqçuları növbəti döyüş tapşırıqlarını uğurla tamamlayıblar.

Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim planına əsasən Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri birgə paraşüt hazırlığı üzrə praktiki məşqlər yerinə yetiriblər. Müxtəlif yüksəkliklərdən həyata keçirilən tullanışlar zamanı Türkiyə səmasında iştirakçı dövlətlərin və təlimin rəmzi bayraqları daxil olmaqla ümumilikdə 53 bayraq dalğalandırılıb. Hərbi qulluqçularımız beynəlxalq tərəfdaşlarla çiyin-çiyinə çalışaraq qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla və müvəffəqiyyətlə icra ediblər. Bu təlimlər hərbçilərimizin taktiki hazırlığının artırılması və müttəfiq ölkələrin orduları ilə qarşılıqlı fəaliyyət imkanlarının gücləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Müdafiə Nazirliyi təlimlərin növbəti mərhələlərində də şəxsi heyətin aktiv iştirakının davam edəcəyini vurğulayıb.