Qurban Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika üzrə 134 nöqtədə heyvan kəsimi və satışı xidmətləri fəaliyyət göstərəcək.
Postxronika.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, bu ünvanlardan 76-da həm kəsim, həm satış, digərlərində isə bu xidmətlər fərdi qaydada təqdim olunacaq. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik normalara cavab verən ət məhsulları əhaliyə təklif ediləcək. Bir sıra bölgələrdə qurumla razılaşdırılmış səyyar çadırların quraşdırılması da nəzərdə tutulur. Eyni zamanda, iri ticarət şəbəkələri tərəfindən sifariş əsasında qurbanlıq ətlərin vətəndaşların ünvanlarına çatdırılması təmin ediləcək. Bu tədbirlər bayram günlərində sakinlərin rahatlığını və qida təhlükəsizliyini qorumaq məqsədi daşıyır.