Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) start verdiyi “Doğru seçim, yüksək nəticə” kampaniyasına tamblinq üzrə dünya və Avropa çempionu Tofiq Əliyev də qoşulub.

Postxronika.az Agentliyin rəsmi məlumatına istinadən xəbər verir ki, tanınmış idmançı gəncləri və peşəkar atletləri idman qidalarından istifadə zamanı ehtiyatlı olmağa çağırıb. O bildirib ki, mənşəyi məlum olmayan və dövlət qeydiyyatına alınmayan bioloji aktiv əlavələr insan orqanizmində ağır fəsadlar törədə bilər. Çempionun sözlərinə görə, mütəxəssis və ya həkim rəyi olmadan bu növ məhsulların qəbulu qətiyyən yolverilməzdir. Tofiq Əliyev vurğulayıb ki, yüksək nəticələr qazanmaq üçün yalnız təhlükəsizliyi təsdiqlənmiş preparatlara üstünlük verilməlidir. Layihə çərçivəsində idmançılar arasında sağlam qidalanma vərdişlərinin təbliği və maarifləndirmə işləri davam etdirilir