Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək məcburu dayanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini xatırladıb.

Postxronika.az idarənin rəsmi açıqlamasına istinadən xəbər verir ki, qeydə alınan ağır yol qəzalarının əsas səbəblərindən biri məhz dayanma zamanı zəruri tədbirlərin görülməməsidir. Qaydalara əsasən, belə hallarda mütləq qəza işıq siqnalı yandırılmalı və xüsusi dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə quraşdırılmalıdır. Yaşayış məntəqələrində hərəkət intensivliyi yüksək olduqda isə nişanın daha yaxın və ya avtomobilin üzərinə qoyulmasına icazə verilir. BDYPİ vurğulayır ki, digər nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, hadisə sənədləşdirilməli və yolun hərəkət hissəsi dərhal boşaldılmalıdır. Bu sadə qaydalara etinasız yanaşma bərpası mümkün olmayan ağır itkilərlə nəticələnə bilər.