İkinci Qərb Dairə Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Sergey Artamonovu 5 il müddətinə azadlıqdan məhrum edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, sabiq hərbçi dövlət müdafiə sifarişinin icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır nəticələrə yol açmaqda təqsirli bilinib. Məhkəmənin qərarı ilə o, həmçinin hərbi rütbəsindən və dövlət mükafatından məhrum edilib.
Cinayət işi materiallarında dövlət sirri təşkil edən məlumatlar olduğu üçün proses qapalı rejimdə keçirilib. Araşdırmalar nəticəsində 64 yaşlı Artamonovun şəxsi maraqları naminə dövlətə 27,7 milyon rubl məbləğində ziyan vurduğu sübuta yetirilib. Məhkəmə həmin vəsaitin tam şəkildə ödənilməsi barədə mülki iddianı da təmin edib. Hazırda hökm qanuni qüvvəyə minməyib və məhkumun apellyasiya şikayəti vermək hüququ qalır.