Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 4-cü mərhələ başa çatıb. 
Postxronika.az Beynəlxalq Velosipedçilər İttifaqına istinadən xəbər verir ki,  bu yarış günündə velosipedçilər Gəncə şəhərindən start götürməklə Göygöl – Goranboy – Ağdərə (Suqovuşan və Talış kəndləri) – Naftalan marşrutu üzrə hərəkət edərək, 152,8 km məsafə qət ediblər.

4-cü yarış gününün qalibi İtaliyanın “Bardiani CSF 7 Saber” pro-kontinental komandasının velosipedçisi Marko Manenti olub – o, qrup finişində 3 saat, 11 dəqiqə, 46 saniyə göstərici ilə hamını qabaqlayıb. Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının üzvü Henok Mulubrhan 2-ci, Tailandın “Roojai Insurance Winspace” kontinental klubunun təmsilçisi David Kristian Pita isə 3-cü nəticə göstərib. Xatırladaq ki, Pita 3-cü mərhələdə də finiş xəttini 3-cü keçmişdi.

4 mərhələdən sonra “XDS Astana”nın üzvü Yevgeni Fyodorov ümumi təsnifatda liderliyini və “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyi özündə saxlayır. “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyi isə 4-cü mərhələnin qalibi Marko Manenti ələ keçirib.

Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan Hava Yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını, İspaniyanın “Equipo Kern Pharma” pro-kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi özündə saxlayıb.

Fərqlənən velosipedçilərə mükafatları Naftalan şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim ediblər.

Sabah keçiriləcək sonuncu, 5-ci mərhələdə iştirakçılar Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi marşrutu üzrə 181,5 km məsafə qət edəcəklər.