Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Postxronika.az Azərbaycan Güləş Federasiyasına istinsdən xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Əli Cavadlı (45 kq) finalda rusiyalı Umar Boqatıryova heç bir şans tanımayıb. Həmyerlimiz görüşün taleyini ilk hissədə həll edib. Rəqibinə tam üstünlüklə (9:1) qalib gələn Əli Avropa çempionu olub.

Hüseyn Mustafazadə (51 kq) təsəlliverici görüşdə isveçrəli Tristan Berneti (9:0), bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsünün 3-cü  pilləsinə yüksəlib.  

Zöhrab Səfərov isə moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medalı boynundan asıb.

Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yekunda 118 xal toplayan yığmamız komanda hesabında Avropa üçüncüsü olub.