Dünən gecə saatlarında Hacıqabul–Horadiz magistralının 92-ci kilometrliyində kəskin yağış və güclü külək səbəbindən ağacın aşması nəticəsində yolda təhlükəli vəziyyət yaranıb.
Postxronika.az BDYPİ-yə istinadən xəbər verir ki, ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları hadisəyə dərhal müdaxilə edərək sürücülərə xəbərdarlıq edib və hərəkətin fasiləsizliyini təmin ediblər. Operativ tədbirlər sayəsində mümkün qəza risklərinin qarşısı alınmış, əraziyə cəlb olunan ağır texnika vasitəsilə yol hissəsi tam təmizlənmişdir. Hazırda nəqliyyat vasitələrinin normal gediş-gəlişi tam bərpa olunub. Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar sürücüləri sürət həddinə və ara məsafəsinə ciddi riayət etməyə çağırır. Unutmayın ki, əlverişsiz iqlim şəraitində ehtiyatlı davranmaq həyati önəm kəsb edir.