Bakı şəhərində sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədilə 102 və 191 nömrəli müntəzəm marşrutlar üzrə avtobus parkı tamamilə yenilənir.
Postxronika.az xəbər verir ki, mayın 15-dən etibarən sözügedən xətlərə cəmi 20 ədəd müasir və komfortlu "Isuzu HC45" markalı nəqliyyat vasitəsi cəlb olunacaq. Ekoloji cəhətdən təmiz CNG mühərrikləri ilə təchiz edilən bu avtobuslar 7-8 dəqiqəlik intervalla hərəkət edərək sərnişinlərin mənzil başına vaxtında çatmasını təmin edəcək. Yeni qaydalara əsasən, hər iki marşrutda gedişhaqqı 0,60 AZN olmaqla yalnız nağdsız sistemlə fəaliyyət göstərəcək. Beləliklə, "20 Yanvar" və "Qara Qarayev" metro stansiyaları istiqamətində hərəkət edən sakinlər daha rahat və təhlükəsiz daşıma xidmətindən yararlana biləcəklər. Bu dəyişiklik paytaxtın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.