Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin əməkdaşları üçün təlim təşkil olunub.
"Postxronika.az" xəbər verir ki, onlayn formatda baş tutan tədbir iki qurum arasında ötən il imzalanmış əməkdaşlıq memorandumunun icrası çərçivəsində reallaşdırılıb. Təlim proqramı "ASAN xidmət" mərkəzlərində tətbiq edilən innovativ həllərə və dövlət xidmətlərinin çatdırılması sahəsindəki yeniliklərə həsr edilib.
Sözügedən layihənin əsas məqsədi dizayn düşüncə yanaşması, data əsaslı qərar qəbuletmə, süni intellekt texnologiyaları və vətəndaş məmnunluğunun artırılması sahəsində Azərbaycan təcrübəsinin Qazaxıstan tərəfi ilə paylaşılmasıdır. İnteraktiv keçən görüşdə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən qazaxıstanlı məmurlara icra olunan layihələr barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.