Azərbaycanın stolüstü tennis üzrə milli komandasının üzvləri növbəti beynəlxalq turnirlərə hazırlıq məqsədilə Çin Xalq Respublikasına yola düşüblər.
"Postxronika.az" Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmi məlumatına istinadən xəbər verir ki, mayın 15-də gerçəkləşən səfər çərçivəsində 6 idmançımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Hebey əyalətinin Şijiazuanq şəhərində yerli tennisçilərlə birgə hazırlıq keçəcək. Ayın 27-dək davam edəcək bu təlim-məşq prosesində ölkəmizi Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə təmsil edir.
Asiya qitəsindəki hazırlıq mərhələsi başa çatdıqdan sonra yığma komandamız Qazaxıstanda təşkil olunacaq "Avrasiya Liqası" yarışına qatılacaq. Qadın idmançılarımız mayın 28-dən 31-dək Astanada, kişilər isə Taraz şəhərində güclərini sınayacaqlar.