Türkiyənin Antalya şəhərində kamandan oxatma üzrə açıq havada növbəti Avropa Çempionatı keçiriləcək.

"Postxronika.az" Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə məlumatına istinadən xəbər verir ki, 18–24 may tarixlərində baş tutacaq mötəbər yarışda ölkəmizi Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova, Sərdar Vəliyev və Nurlan Rəhimli təmsil edəcəklər. İdmançılarımız turnirdə fərdi, komanda və qarışıq kateqoriyalar üzrə ən yüksək mükafatlar uğrunda hədəf qarşısına keçəcəklər.

Milli komandamız qitə birinciliyinə hazırlıq məqsədilə Belarus yığması ilə Quba Olimpiya İdman Kompleksində birgə məşqlər keçib. Oxatanlarımız mayın 3-dən etibarən hazırlıq prosesini bilavasitə yarışın keçiriləcəyi Antalyada beynəlxalq təlim-məşq toplanışı ilə davam etdiriblər.