İntensiv yağıntıların Altıağac–Xızı avtomobil yolunda törətdiyi torpaq sürüşməsinin fəsadlarının aradan qaldırılmasına və infrastrukturun bərpasına başlanılıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, əraziyə dərhal kifayət qədər canlı qüvvə, həmçinin xüsusi texnika və mexanizmlər cəlb olunub. Magistralda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə deformasiyaya uğramış hissələr yenidən qurulur, yol yatağı möhkəmləndirilir və yağıntıların yarada biləcəyi risklərə qarşı qabaqlayıcı tədbirlər görülür. Sözügedən sənədə uyğun olaraq, analoji bərpa və mühafizə işləri sel sularından zərər görmüş ölkə əhəmiyyətli daha 25 avtomobil yolunda, habelə körpü və suötürücü qurğularda da paralel şəkildə həyata keçiriləcək.