Azərbaycanın əksər rayonlarında hava şəraiti dəyişib, arabir yağış yağır, şimşək çaxır.

“Postxronika.az” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qurumun saat 12:00-a olan hesabatına əsasən, bəzi bölgələrdə yağıntılar leysan xarakteri alıb. Ən çox yağıntı Gədəbəydə (11 mm), Ordubad və Naxçıvanda (8 mm), eləcə də Şərurda (7 mm) qeydə alınıb, digər rayonlarda isə yağıntının miqdarı 1-6 mm arasında dəyişir. Bununla yanaşı, bir sıra ərazilərdə şimal-qərb küləyi güclənib. Hazırda küləyin maksimal sürəti Goranboyda 23 m/s, Mingəçevir və Daşkəsəndə 21 m/s, paytaxt Bakıda və Abşeron yarımadasında isə 20 m/s-yə çatır.