Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdini keçirir.

Postxronika.az xəbər verir ki, respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda təşkil olunan imtahanlar ümumilikdə 92 binada aparılır. Bu imtahanda iştirak etmək üçün 23 min 89 bakalavr ərizə təqdim edib ki, onların da 21 min 372 nəfəri Azərbaycan bölməsinin, 1 717 nəfəri isə rus bölməsinin payına düşür. İştirakçıların 15 min 293-ü cari ilin, 7 796-sı isə əvvəlki illərin məzunudur.

​Saat 10:00-da başlayan imtahanın ümumi müddəti 3 saat 30 dəqiqə təşkil edir. İmtahanın ilk 3 saatı test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqəsi isə yazı işinin (esse) yerinə yetirilməsinə ayrılıb. Xarici dil üzrə dinləyib-anlama mətninin səsləndirilməsi ilə başlayan prosesdə, həmçinin sağlamlıq imkanları məhdud olan 23 bakalavrın rahatlığı üçün xüsusi zallar və fərdi nəzarətçilər ayrılıb.

​İmtahanın nəticələri iki mərhələdə elan olunacaq; qapalı və kodlaşdırılan açıq tipli testlərin cavabları növbəti 2-3 gün ərzində, yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra açıqlanacaq.

DİM bakalavrların imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq özləri ilə gətirməli olduqlarını, mobil telefon və digər elektron cihazların binaya gətirilməsinin qəti qadağan edildiyini növbəti dəfə xatırladıb.