Dünyanın müxtəlif nöqtələrində milyonlarla gənc əlverişsiz mənzil şəraitində həyat sürür və ya qlobal iqlim dəyişikliyinin mənfi təsirlərini birbaşa hiss edir.

Postxronika.az "Report" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Gənclər üzrə Baş Katibinin köməkçisi Felipe Paullier Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Uşaqlar və Gənclər Assembleyasındakı çıxışında bildirib.

O, gənclər üçün evin təhlükəsizlik və inkişaf mərkəzi olduğunu vurğulayaraq, bir çoxları üçün bu təməlin hələ də qeyri-müəyyən qaldığını təəssüflə qeyd edib. F.Paullier əlçatan mənzillərə investisiya qoymağın, yaşıl məkanlar yaratmağın və təmiz havanın təmin edilməsinin sağlam şəhərlər qurmaq üçün vacibliyini diqqətə çatdırıb. Natiq iqlim böhranının artıq uzaq bir təhlükə olmadığını və gənclərin bu problemin ön sıralarında dayandığını vurğulayıb. Sonda BMT rəsmisi şəhər rəhbərlərini və siyasətçiləri gənclərin fikirlərinə önəm verməyə, onları şəhər planlaşdırılmasında idarəedici bir tərəfdaş kimi qəbul etməyə çağırıb.