Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın azad edilmiş ərazilərindəki mövcud vəziyyət və bərpa proseslərinə toxunub.

Postxronika.az  xəbər verir ki, dövlət başçısı hazırda hökumətin qarşısında duran ən mühüm vəzifələrdən birinin məhz Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması olduğunu bəyan edib. Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığını xatırladan ölkə rəhbəri, həmin torpaqlarda hərtərəfli və genişmiqyaslı dağıntıların törədildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev bölgəyə səfər edən xarici ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini xüsusi vurğulayaraq qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.