Dünən keçirilən magistraturaya qəbul imtahanında onlarla bakalavr binaların qapısında qalaraq içəri buraxılmayıb. Buna səbəb kəskin hava şəraiti və şəhərdəki kütləvi tədbirlər səbəbindən  yolların iflic olması və tələbələrin imtahana   gecikməsidir. Hadisə cəmiyyətdə böyük narazılıq yaradıb, çünki gecikməyə görə gənclərin özündə heç bir təqsir yoxdur və problem tamamilə kənar amillərdən qaynaqlanıb. Yaranmış bu vəziyyətdə ədalətin bərpası və gənclərin birillik əməyinin itməməsi üçün Dövlət İmtahan Mərkəzinin həmin şəxslərə ayrıca bir imtahan keçirməsi ən doğru həll yolu kimi görünür. Bəs bu kütləvi narazılıq nece aradan qaldırılacağ?


Mövzu ilə bağlı Hüquqşünas Cavanşir  Qasımzadə Postxronika.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın təhsil hüququnu təmin edir və dövlət orqanları bu hüququn reallaşması üçün əlverişli şərait yaratmalıdır. 

İmtahan günü baş verən kəskin hava şəraiti və paytaxtda keçirilən kütləvi tədbirlər namizədlərin iradəsindən asılı olmayan, qabaqcadan tam proqnozlaşdırıla bilməyən kənar amillərdir. Paytaxtın nəqliyyat infrastrukturunun belə günlərdə iflic olması və vətəndaşların hərəkət azadlığının məhdudlaşması namizədin fərdi məsuliyyətini aşan bir vəziyyətdir. Hüquqi baxımdan inzibati orqanlar öz qərarlarını qəbul edərkən mütənasiblik və ədalətlilik prinsiplərinə əməl etməlidir. Cəmi bir neçə dəqiqəlik gecikməyə görə bir gəncin birillik əməyinin və gələcək elmi fəaliyyətinin tamamilə məhdudlaşdırılması tətbiq edilən qaydanın məqsədi ilə yaranan ağır nəticə arasında açıq uyğunsuzluq təşkil edir.İnzibati İcraat haqqında qanunvericilik fiziki şəxslərin hüquqlarının qorunmasını və onlara münasibətdə haqlı etimad prinsipini rəhbər tutur. Buna əsasən, namizədlər qarşısıalınmaz xarici təsirlər nəticəsində təhsil hüquqlarının pozulduğunu əsas gətirərək həm inzibati qaydada Dövlət İmtahan Mərkəzinə, həm də məhkəməyə müraciət edə bilərlər. Bu müraciətlərdə subyektiv təqsirin olmadığı, gecikmənin obyektiv maneələrdən qaynaqlandığı sübut edilməlidir. Dövlət qurumu vətəndaş məmnunluğunu, sosial ədaləti və qanunvericiliyin ali məqsədi olan insan hüquqlarının qorunması prinsipini rəhbər tutaraq, həmin şəxslər üçün xüsusi şəraitdə yenidən imtahan təşkil etmək və ya onları növbəti mərhələyə buraxmaq barədə müstəsna qərar qəbul edə bilər.  

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, dünənki paytaxtda yaranan vəziyyət imtahanların keçirilməsinə maneəçilik törətdi və bir çox şagird, o cümlədən onlarla bakalavr imtahana vaxtında çata bilmədilər və onlar imtahana buraxılmadılar. Nəticə etibarilə bu, ümumiyyətlə, narahatlıq və narazılıq yaratdı. Əlbəttə ki, imtahana gecikən şəxslərin – yəni özlərinin səbəbi olmadan, özlərindən asılı olmayaraq yaranan vəziyyətlə bağlı, düşünürəm ki, o şəxslərə ayrıca bir imtahan təşkil olunması mütləq vacibdir və bu zəruridir. İkinci bir tərəfdən, Dövlət İmtahan Mərkəzi tərəfindən yalnız güzəşt ola bilər ki, həmin şəxslər – yəni imtahana vaxtında çata bilməyən şəxslər üçün ayrıca bir imtahan keçirilsin. Düşünürəm ki, bu, daha ədalətli bir qərar olardı. Çünki istənilən halda onlardan asılı olmayaraq hava şəraiti ilə bağlı yaranan problem və bu problemdən dolayı yollarda yaranan tıxac vəziyyəti onların imtahana vaxtında daxil olmasına maneəçilik törətdi. Bu da, əlbəttə ki, o bakalavrların imtahanda iştirak hüququnu əllərindən almış oldu. Ona görə düşünürəm ki, bu hüququn təmin olunması ilə bağlı Dövlət İmtahan Mərkəzi ədalətli qərar qəbul edərək o şəxslər üçün ayrıca bir imtahan keçirə bilər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi artıq problemi ədalətli şəkildə həll edib.