Bakıda Dünya Şəhərsalma Forumunun (WUF13) açılışı olub və Prezident İlham Əliyev tədbir çərçivəsində “Euronews” televiziyasına geniş müsahibə verib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı söhbət zamanı rəsmi Bakının beynəlxalq şəhərsalma siyasəti, Avropanın enerji təhlükəsizliyindəki rolu və regional geosiyasi proseslərə münasibətini açıqlayıb.
Azərbaycan lideri işğaldan azad edilmiş ərazilərdə son beş ildə 85 min insanın məskunlaşdırıldığını və regionda irimiqyaslı "yaşıl enerji" layihələrinin icra olunduğunu bildirib. Eyni zamanda, Cənub Qaz Dəhlizi vasitəsilə hazırda 12-si Avropa qitəsində yerləşməklə ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edildiyi diqqətə çatdırılıb. Boru kəmərləri ilə qaz tədarük edən dövlətlərin sayına görə ölkəmizin dünyada birinci yerdə qərarlaşdığı xüsusi vurğulanıb. Sonda Yaxın Şərqdəki mövcud böhranın qlobal iqtisadiyyata təsirlərinə toxunan Prezident, respublikamızın şaxələndirilmiş marşrutlar sayəsində tam təhlükəsiz mövqedə dayandığını bəyan edib.