Paytaxtımızda təşkil olunan Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqlim dəyişiklikləri və münaqişədən zərər çəkmiş ərazilərin bərpasına həsr edilən mühüm tədbir baş tutub.
Postxronika.az xəbər verir ki, dövlət qurumları və beynəlxalq təşkilatların birgə tərəfdaşlığı ilə keçirilən sessiyada postmünaqişə dövründə dayanıqlı məskunlaşma, şəhər dözümlülüyü və təhlükəsiz geridönüş mexanizmləri geniş müzakirə olunub. Toplantıda çıxış edən rəsmi şəxslər Azərbaycanın qlobal iqlim və şəhərsalma platformaları vasitəsilə bəşəriyyət üçün fundamental bir irs qoyduğunu diqqətə çatdırıblar. Eyni zamanda respublikamızın böhranlardan sonrakı dövrlər üçün formalaşdırdığı yeni inkişaf və quruculuq modelinin əhəmiyyəti önə çəkilib. Natiqlər iqlim fəsadlarının xüsusilə qaçqın düşərgələrinə və maliyyə baxımından həssas olan ölkələrə vurduğu zərərləri qeyd ediblər. Sonda ekoloji çağırışlarla təkbaşına mübarizənin qeyri-mümkün olduğu, bu fəsadların aradan qaldırılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi bəyan edilib.