Konqo Demokratik Respublikasında yenidən alovlanan Ebola virusu epidemiyası qısa müddətdə 131 nəfərin ölümünə səbəb olub.

Postxronika.az xəbər verir ki, yerli Səhiyyə Nazirliyi ölkədə ümumilikdə 513 nəfərin bu təhlükəli infeksiyaya yoluxduğunun ehtimal edildiyini açıqlayıb. Regional xarakter alan xəstəliyin sürətlə yayılması fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo və qonşu Uqandada beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. Qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus epidemiyanın miqyasından ciddi narahatlıq ifadə edərək, təcili tövsiyələrin hazırlanması üçün xüsusi komitənin iclasını çağırıb. Təşkilat rəsmiləri mövcud böhranın hələlik qlobal pandemiya səviyyəsinə çatmadığını bildirsələr də, son 50 ildə bu virusun Afrikada 15 mindən çox insanın həyatına son qoyduğunu xatırladıblar. Qeyd edək ki, ötən ilin sonunda yerli elmi institutlar ölkədə Ebola təhlükəsinin faktiki olaraq bitdiyini elan etsələr də, son rəqəmlər epidemiyanın yenidən kritik həddə çatdığını göstərir.