Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində şəhərlərin ekoloji dayanıqlılığının artırılması və təbii fəlakətlərin qarşısının alınması mexanizmləri müzakirə edilib.

Postxronika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan toplantıda ekstremal təbiət hadisələrinin şəhər infrastrukturuna vurduğu zərərlərin azaldılmasında çoxriskli erkən xəbərdarlıq sistemlərinin mühüm rolu önə çəkilib. Geniş tərkibli tədbirdə müvafiq dövlət qurumlarının rəsmiləri və beynəlxalq ekspertlər iqlim dəyişikliyinin fəsadlarına qarşı elmi əsaslı qərarların qəbulunun vacibliyini diqqətə çatdırıblar. Panel müzakirələrində BMT-nin Ətraf Mühit Proqramı və xarici ölkələrin meteorologiya institutlarının nümayəndələri qlobal təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar. Sonda rəsmi Bakının Yaşıl İqlim Fondu ilə tərəfdaşlıq şəraitində ölkədə iqlim məlumatlarının təkmilləşdirilməsi və dayanıqlılığın artırılması məqsədilə yeni layihə icra edəcəyi bəyan olunub.