Azərbaycanın dövlət xidmətləri sahəsindəki unikal brendi olan “ASAN xidmət” modelinin Esvatini Krallığında tətbiq olunmasına dair rəsmi razılıq əldə edilib.
“Postxronika.az” xəbər verir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti paytaxtdakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Görüş çərçivəsində Dövlət Agentliyi ilə Esvatini Krallığının müvafiq qurumu arasında qabaqcıl idarəetmə mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Təqdimat zamanı rəsmi qonaqlara intellektual məhsul kimi bu modelin ixracı istiqamətində indiyədək 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə bağlandığı diqqətə çatdırılıb. Mərkəzdəki innovativ layihələri yüksək qiymətləndirən Esvatini Kralı, ölkəsində qısa müddətdə bu sistemin qurulması ilə bağlı nümayəndə heyətinə təxirəsalınmaz tapşırıqlar verib.