Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda mikromobillik infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir.
Postxronika.az Azərbaycan Yerüstü Nəqliyyat agentliyinə istinadən xəbər verir ki, kəsintisiz şəbəkənin qurulması məqsədilə Şəfayət Mehdiyev küçəsi və Vaqif prospektində yeni velosiped yolları salınıb, Mətbuat prospektindəki mövcud zolaq isə Akim Abbasov küçəsinədək uzadılıb. Sözügedən ərazilərdə nişanlanma işləri icra olunub, yaxın günlərdə isə təhlükəsizlik sədlərinin quraşdırılması planlaşdırılır. Növbəti mərhələdə Akim Abbasov küçəsindəki yeni zolaq sayəsində dairəvi hərəkət təmin ediləcək, Vaqif prospektindəki yol isə gələcəkdə "Atatürk" parkı ilə əlaqələndiriləcək. Layihənin əsas hədəfi, xüsusilə yaxın məsafələrə səfərlər zamanı fərdi mikromobillik vasitələrini sakinlər üçün əsas nəqliyyat növünə çevirməkdir.