Efiopiyanın paytaxtı Əddis-Əbəbənin meri Adaneç Abebinin rəhbərlik etdiyi və 18 şəhərin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzini ziyarət edib.
Postxronika.az xəbər verir ki, qonaqlar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdədirlər. Görüşdə nümayəndə heyətinə şəffaflığın artırılması və səmərəli dövlət idarəçiliyinin təmin edilməsi istiqamətində əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, uğurlu əməkdaşlıq sayəsində ötən il Efiopiyada Azərbaycanın innovativ modeli əsasında ilk “MESOB” dövlət xidmətləri mərkəzi fəaliyyətə başlayıb. Hazırda bu təcrübə əsasında Afrika ölkəsində 36 analoji mərkəz fəaliyyət göstərir və cari ilin sonunadək onların sayının 100-ü keçməsi planlaşdırılır. Ziyarət çərçivəsində əcnəbi rəsmilər “INNOLAND” İnkubasiya Mərkəzi, Səyyar ASAN və "ABAD"ın iş prinsipi ilə də yaxından tanış olublar.